"Google DeepMind", "Microsoft" və İlon Maska məxsus "xAI" şirkətləri yeni süni intellekt modellərini kütləvi istifadəyə buraxmazdan əvvəl ABŞ hökumətinə yoxlama icazəsi vermək barədə razılığa gəliblər. ABŞ Ticarət Departamentinin Süni İntellekt Standartları və İnnovasiya Mərkəzi (CAISI) çərşənbə axşamı verdiyi açıqlamada, qabaqcıl süni intellekt imkanlarını daha yaxşı qiymətləndirmək üçün texnologiya şirkətləri ilə birlikdə tətbiqöncəsi yoxlamalar və hədəfli tədqiqatlar aparacağını bildirib.
CAISI hələ 2024-cü ildə "OpenAI" və "Anthropic" şirkətlərinin modellərini qiymətləndirməyə başlayıb və indiyədək 40 yoxlama həyata keçirib. "Bloomberg" nəşrinin məlumatına görə, hər iki şirkət Prezident Donald Trampın Süni İntellekt üzrə Fəaliyyət Planındakı prioritetlərə daha yaxşı uyğunlaşmaq məqsədilə mərkəzlə mövcud tərəfdaşlıq müqavilələrini yenidən müzakirə edib.
Gələcəkdə Ağ Ev bu yoxlamaların miqyasını daha da genişləndirə bilər. "The New York Times" qəzetinin bazar ertəsi dərc etdiyi hesabata əsasən, Donald Tramp yeni süni intellekt modellərinə nəzarət etmək üçün texnologiya rəhbərlərini və hökumət rəsmilərini bir araya gətirəcək xüsusi sərəncam imzalamağı nəzərdən keçirir.
CAISI direktoru Kris Fol (Chris Fall) mətbuat açıqlamasında bu əməkdaşlığın əhəmiyyətini belə vurğulayıb:
"Müstəqil və ciddi ölçmə elmi qabaqcıl süni intellekti, eləcə də onun milli təhlükəsizliklə bağlı təsirlərini anlamaq üçün çox vacibdir. Sənaye ilə genişləndirilmiş bu əməkdaşlıqlar böhranlı bir məqamda ictimai maraqlar naminə işimizi miqyaslandırmağa kömək edir."






