"Google" şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının yoxlanılması zamanı gözlənilməz bir hadisəyə səbəb olub. Test prosesində model üç kənar şirkətin sisteminə icazəsiz giriş əldə edib. Hadisə ilə bağlı məlumatı ilk dəfə Wall Street Journal (WSJ) nəşri yayıb.
İnsidentlər cari ilin may ayında Irregular şirkətinin platformasında keçirilən "bayrağı ələ keçir" (capture the flag) formatlı təlimlər zamanı baş verib. Gemini-yə test mühitindəki xəyali bir şirkətin proqram təminatından məlumat çıxarmaq tapşırılsa da, həmin adın real bir təşkilatla üst-üstə düşməsi və konfiqurasiya xətası səbəbindən model internetə çıxış əldə edib. Nəticədə, model real şirkətlərin sistemlərinə daxil olaraq parol yoxlamaları və məlumat axtarışı həyata keçirib.
Google rəsmiləri bildiriblər ki, Gemini real sistemə daxil olduğunu müəyyən edən kimi öz fəaliyyətini dərhal dayandırıb. Şirkətin təhlükəsizlik sistemləri üzrə vitse-prezidenti Heather Adkins qeyd edib ki, bu hadisə modelin məsuliyyətli davranış nümayiş etdirdiyini sübut edir və insident nəticəsində heç bir zərər vurulmayıb. Google baş verənləri "bug bounty" proqramlarına bənzədərək, məsələni ictimaiyyətə açıqlamağa ehtiyac duymadığını, lakin zərərçəkən təşkilatları və ABŞ federal hakimiyyət orqanlarını məlumatlandırdığını vurğulayıb.






