Fotoqrafiya dünyasında müstəqil kompakt kameralara olan maraq yenidən artır. İşıqlandırma sahəsində ixtisaslaşan "Godox" şirkəti bu trendə qoşularaq "C100" modelini istifadəyə verib. Bu cihazı digər rəqiblərindən fərqləndirən əsas xüsusiyyət arxa hissədəki rəngli ekranın əvəzinə tətbiq olunan şəffaf LCD vizordur.
Şəffaf vizor yalnız çəkiliş üçün çərçivəni görməyə imkan vermir, həm də batareya səviyyəsi və çəkiliş parametrləri kimi vacib məlumatları əks etdirir. Bundan əlavə, "Godox C100" işıqölçən funksiyasını da yerinə yetirir. Cihaz kadrdakı işıqlanmanı təhlil edərək digər peşəkar kameralar üçün uyğun ekspozisiya parametrlərini təklif edə bilir.
Cəmi 65 qram çəkiyə malik olan bu kiçik kamera dörd fərqli aspekt nisbətində foto və video çəkməyə imkan verir. Məlumatlar 128 GB-a qədər tutumu olan microSD kartlarda saxlanılır. Simsiz əlaqə imkanı olmasa da, USB-C portu vasitəsilə faylları kompüterə və ya mobil cihazlara köçürmək mümkündür.
Hazırda yalnız Çin bazarında satışa çıxarılan "Godox C100"-ün beynəlxalq bazara çıxarılıb-çıxarılmayacağı hələlik məlum deyil. Digital Camera World nəşrinin məlumatına görə, cihazın qiyməti təxminən 29 ABŞ dolları (199 yuan) təşkil edir ki, bu da onu bazardakı bir çox analoqdan daha əlçatan edir.






