"Palit" şirkəti yeni "Infinity 3" dizaynına malik "GeForce RTX 5080" videokartını rəsmən təqdim edib. Yenilik üç fanlı soyutma sistemi ilə təchiz olunub və tamamilə RGB işıqlandırmasından məhrum edilib. İstehsalçı seriya çərçivəsində iki model buraxıb: standart "GeForce RTX 5080 Infinity 3" və əlavə sürətləndirilməyə malik "GeForce RTX 5080 Infinity 3 OC".
Zavod sürətləndirilməsi (OC) olan versiya üçün GPU-nun "Boost" tezliyi 2625 MHz, standart versiya üçün isə 2617 MHz təşkil edir. Hər iki variant 256-bit şin dəstəyi və kontakt başına 30 Qbit/s sürətə malik 16 GB GDDR7 yaddaşı təklif edir. Videokartların əlavə qidalanması bir ədəd 12V-2x6 konnektoru vasitəsilə həyata keçirilir.
Kartların soyutma sistemində "Palit TurboFan 4.0" fanları və kompozit istilik boruları istifadə olunur. Şirkətin məlumatına görə, bu fanlar səs-küy səviyyəsini azaldır və istilik yayılmasını 33 % optimallaşdırır, kompozit borular isə istilik ötürmə səmərəliliyini 32 %-ə qədər artırır. Cihazlar bir HDMI 2.1 və üç DisplayPort 2.1b video çıxışı ilə təchiz edilib.
Yeni videokartların ölçüləri 331,9 × 127,1 × 56,8 mm təşkil edir və qalınlığı 2,8 genişlənmə yuvasına bərabərdir. Qeyd edək ki, bu, "Galax", "KFA2" və "HOF" brendlərinin idarəetməsinin birbaşa "Palit Group"un nəzarətinə keçməsi xəbərindən sonra şirkətin ilk məhsul buraxılışıdır. Bununla belə, həmin brendlər fəaliyyətlərini davam etdirərək öz adları altında videokartlar istehsal edəcəklər.






