2020-ci ildə bazara çıxarılan "Nvidia GeForce RTX 3090" artıq bazar liderləri sırasında olmasa da, yeni bir eksperiment sayəsində yenidən diqqət mərkəzinə düşüb. Bir istifadəçi "Gainward GeForce RTX 3090 Phoenix" və büdcə dostu "Asus Dual GeForce RTX 3050 OC Edition" qrafik kartlarını birləşdirərək oyun performansını ciddi şəkildə artırıb. Bu prosesdə "Lossless Scaling" adlı xüsusi proqram təminatından istifadə edilib.
"Lossless Scaling" aləti süni intellekt alqoritmləri vasitəsilə kadrların generasiyasını həyata keçirir və "Steam" platformasında cəmi 7 ABŞ dollarına təklif olunur. Eksperiment zamanı "GeForce RTX 3090" əsas render işlərini öz üzərinə götürdüyü halda, "GeForce RTX 3050" kadrların generasiyası ilə bağlı ağır tapşırıqları icra edib. Nəticədə, 4K (3840 × 2160 piksel) icazəsində 71 FPS göstəricisi 144 FPS-ə qədər yüksəlib.
Bu texnologiya necə işləyir?
"Lossless Scaling" texnologiyasını "Nvidia DLSS", "AMD FSR" və ya "Intel XeSS" kimi proqramlardan fərqləndirən əsas cəhət onun universallığıdır. Bu proqram istənilən oyun və ya proqram təminatı ilə uyğunluq təşkil edir. Hətta inteqrasiya olunmuş qrafik prosessorlarla belə işləyə bilən bu alət, diskret qrafik kartları ilə istifadə edildikdə daha yüksək nəticələr göstərir.
Bu yanaşma, xüsusilə qrafik kartların qiymətinin artdığı və çip çatışmazlığı dövründə köhnə avadanlıqlara yeni nəfəs vermək üçün effektiv bir həll yolu kimi görünür. "GeForce RTX 3050"-nin resursları 4K rejimində kadr sayını iki və ya üç dəfə artırmaq üçün kifayət edib. Bu eksperiment, bahalı yeni avadanlıq almadan da yüksək performans əldə etməyin mümkün olduğunu sübut edir.






