Çin avtomobil istehsalçıları yeni növ dartı batareyalarının hazırlanması istiqamətində aktiv işlərini davam etdirirlər. "Chery" şirkətinə məxsus lüks "EXEED" brendi də bu tendensiyadan geri qalmayaraq, bərk elektrolitdən istifadə edən "Rhino" batareya ailəsini təqdim edib. Yeni texnologiya cəmi 8 dəqiqə ərzində şarj olunaraq avtomobilə 500 km məsafə qət etmək imkanı verir. Bu innovativ enerji mənbəyinin tətbiq ediləcəyi ilk modelin "EXEED ES8" olacağı planlaşdırılır.
Yüksək şarj sürəti, enerji saxlama sıxlığı və daha az çəki ilə yanaşı, "Rhino" bərk cisim batareyaları üç mühüm təhlükəsizlik faktoru təklif edir. "Rhino Crystal" materialları və qoruyucu strukturu batareyanın fiziki mühafizəsini təmin edir. Eyni zamanda, "Rhino Cloud" idarəetmə sistemi xüsusi bulud ekosistemi vasitəsilə batareyanın bütün istismar müddəti ərzində vəziyyətini izləməyə imkan yaradır. Bu kompleks yanaşma sayəsində yeni batareyalar ekstremal temperaturlara, yüksək duz konsentrasiyasına, mexaniki təsirlərə və su maneələrinə qarşı tam dözümlüdür.
Ümumilikdə, "Rhino" batareya ailəsi üç fərqli versiyada istehsal ediləcək: hibridlər üçün "Rhino H", tam elektrikli avtomobillər üçün "Rhino E" və bərk cisim texnologiyasına əsaslanan "Rhino S". Sonuncu versiya ilk olaraq hələlik konsept avtomobil statusunda olan "EXEED ES8" modelində sınaqdan keçiriləcək. Çin avtomobil sənayesinin inkişaf sürətini nəzərə alaraq, seriyalı istehsalın çox çəkməyəcəyi gözlənilir. Lakin bərk cisim batareyalarının premium sinif modellərdə quraşdırılması planlaşdırıldığından, bu texnologiyanın ucuz olacağı ehtimal edilmir.






