Məişət tozsoranları ilə tanınan "Dreame" şirkəti avtomobil sektoruna daxil olmaq cəhdlərinə son qoyur. "CarNewsChina"-nın məlumatına görə, bir vaxtlar 1000-dən çox işçinin çalışdığı "Project Starry Sky" bölməsi artıq fəaliyyətini dayandırıb və hazırda yalnız hüquqi məsələləri həll edən kiçik bir heyət qalıb. Şirkət rəsmi açıqlamasında strateji istiqamətlərini yenidən nəzərdən keçirdiyini və bundan sonra "smart home", bağ texnologiyaları, ağıllı mobillik və "embodied AI" sahələrinə fokuslanacağını bildirib.
Nə üçün bu layihə uğursuz oldu?
Bu qərar Çin hökumətinin özəl fondlar və şirkətlərin xərclərinə nəzarəti sərtləşdirməsi fonunda baş verib. "Dreame"-in sürətlə genişlənən və smartfonlardan tutmuş robototexnikaya qədər müxtəlif sahələri əhatə edən yüzlərlə törəmə müəssisəsi əsasən dövlət vəsaitləri hesabına maliyyələşirdi. Lakin hökumətin maliyyə axınlarına daha yaxından nəzarət etməsi şirkətin iddialı avtomobil layihəsini davam etdirməsini mümkünsüz edib.
"Nebula Next 01" konsepti nə idi?
Şirkət ilin əvvəlində San-Fransiskoda keçirilən sərgidə "Nebula Next 01 Jet Edition" adlı raket mühərrikli konsept avtomobilini təqdim etmişdi. İddialara görə, avtomobil 0-dan 60 mil/saat sürətinə cəmi 0,9 saniyəyə çata bilərdi və 450 Wh/kq enerji sıxlığına malik bərk cisimli batareya ilə təchiz edilmişdi. Lakin sonradan məlum olub ki, bu avtomobil sadəcə "vaporware" (reallığı olmayan texnologiya) olub; keçmiş əməkdaşlar konseptin şassiyə malik olmadığını və sərgidə uzaqdan idarəetmə ilə hərəkət etdirildiyini etiraf ediblər.






