"DJI" şirkəti uzun müddətdir gözlənilən yeni giriş səviyyəli "Lito 1" və "Lito X1" dronlarını rəsmən təqdim edib. Hər iki modelin çəkisi 249 qramdan az olduğu üçün bir çox ölkələrdə qeydiyyat tələbindən azaddır. Hazırda ABŞ bazarında satılmayan bu dronların Avropa qiymətləri "Lito 1" üçün 339 avro (təxminən 397 ABŞ dolları), "Lito X1" üçün isə 419 avrodan (təxminən 490 ABŞ dolları) başlayır.
Hər iki model ekransız "DJI RC-N3" pultu ilə təchiz olunub və smartfondan ekran kimi istifadə edir. Lakin "DJI Neo" modelindən fərqli olaraq, bu dronları yalnız telefonla idarə etmək mümkün deyil. Qatlana bilən dizayna malik cihazlar açıq havada uçuş üçün nəzərdə tutulub və saatda 27 mil sürətlə hərəkət edir. Ehtiyac yarandıqda bu göstəricini saatda 40 milə qədər artırmaq mümkündür. Uçuş zamanı maneələrdən qaçmaq üçün dronların alt və üst hissələrində xüsusi sensorlar yerləşdirilib.
Daha inkişaf etmiş "Lito X1" modeli aşağı işıqlanma şəraitində dəqiqliyi artıran ön LIDAR sensoruna malikdir. Kamera xüsusiyyətlərinə gəldikdə, "Lito X1" 48 meqapiksellik 1/2 düymlük sensorla, "Lito 1" isə 40 meqapiksellik 1/1.3 düymlük sensorla təchiz edilib. Hər iki dron 100 fps sürətində yavaşladılmış 4K video çəkə bilir. Əlavə olaraq, "Lito X1" post-prodakşn üçün 10-bitlik D-LogM formatını dəstəkləyir və 42 GB daxili yaddaşa malikdir, standart model isə yalnız microSD kartlarla işləyir.






