Çinin yaddaş istehsalı nəhəngi "CXMT" cari ilin ilk üç rübündə ciddi maliyyə uğuruna imza atıb. Bloomberg-in məlumatına görə, şirkətin xalis mənfəəti 19,6 milyard ilə 19,8 milyard ABŞ dolları arasında dəyişir. Müqayisə üçün qeyd edək ki, şirkət ötən ilin müvafiq dövründə 792 milyon ABŞ dolları məbləğində xalis zərər qeydə almışdı.
Şirkətin gəlirlərindəki artım templəri də diqqət çəkir. Belə ki, "CXMT"-nin doqquz aylıq dövr üzrə gəliri 39,6 milyard ilə 40,4 milyard ABŞ dolları arasında qiymətləndirilir. Bu göstərici ötən ilin eyni dövründəki 4,8 milyard ABŞ dolları ilə müqayisədə səkkiz dəfədən çox artım deməkdir.
Bu uğurun arxasında nə dayanır?
Maliyyə göstəricilərinin kəskin yüksəlməsinə əsas səbəb kimi qlobal bazarda yaddaş çiplərinə olan tələbat və qiymət artımı göstərilir. Counterpoint Research-in 2026-cı ilin ikinci rübü üzrə hesabatına əsasən, "CXMT" artıq dünya üzrə DRAM istehsalçıları arasında gəlir payına görə 10%-lik göstərici ilə dördüncü yerdə qərarlaşıb.
Şirkət əldə etdiyi vəsaitləri istehsal gücünü genişləndirməyə və yeni texnologiyaların mənimsənilməsinə yönəltməyi planlaşdırır. Bundan əlavə, "CXMT" bazar dəyərini qorumaq məqsədilə 150 milyon ilə 300 milyon ABŞ dolları arasında öz səhmlərini geri almağı nəzərdə tutur. Yay aylarında keçirilən IPO-dan sonra şirkət Çinin ən dəyərli açıq səhmdar cəmiyyətinə çevrilib.






