"Bloomberg" nəşrinin məlumatına görə, Çin avtonom nəqliyyat vasitələri üçün yeni lisenziyaların verilməsini rəsmən dayandırıb. Bu sərt qərar ötən ay Uhan şəhərində qeydə alınan ciddi insidentdən sonra qəbul edilib. Belə ki, Çinin texnologiya nəhəngi "Baidu" şirkətinə məxsus onlarla "Apollo Go" robotaksisi tıxacda hərəkətsiz qalaraq şəhərdə böyük xaos yaradıb.
Tətbiq edilən yeni məhdudiyyətlər avtonom nəqliyyat sektoruna ciddi təsir göstərəcək. Qaydalara əsasən, şirkətlərə öz donanmalarına yeni sürücüsüz avtomobillər əlavə etmək qadağan olunur. Həmçinin, onların fəaliyyətlərini yeni şəhərlərdə genişləndirməsi və ya yeni sınaq layihələrinə başlaması mümkünsüz hala gəlib. Rəsmilərin yeni lisenziyaların verilməsini nə vaxt bərpa edəcəyi isə hələlik məlum deyil.
"Bloomberg" bildirir ki, Uhanda baş verən insident Pekin rəsmilərini ciddi şəkildə narahat edib. Tənzimləyici orqanlar oxşar halların qarşısını almaq məqsədilə yerli hökumətləri sektoru dərhal yenidən nəzərdən keçirməyə çağırıb. Məlumata görə, bu, "Baidu" ilə bağlı insidentlərdən sonra tənzimləyicilərin prosesə müdaxilə etdiyi ən azı ikinci haldır. Hazırda yerli hakimiyyət orqanları məsələni dərindən araşdırır və bu səbəbdən şirkətin Uhan şəhərindəki fəaliyyəti tamamilə dayandırılmış vəziyyətdə qalır.






