2025-ci ilin Yeni il gecəsi baş verən və Los-Anceles tarixində ən ölümcül yanğınlardan biri kimi yadda qalan hadisə ilə bağlı məhkəmə prosesi davam edir. Təqsirləndirilən şəxs Jonathan Rinderknecht-ə qarşı yanğın törətmək ittihamı irəli sürülüb. İstintaq orqanları sübut bazasını gücləndirmək üçün onun "iPhone" cihazından əldə edilən məkan məlumatlarına, təhlükəsizlik kamerası görüntülərinə və şahid ifadələrinə müraciət edib.
Prokurorluğun diqqət çəkən addımlarından biri də Rinderknecht-in "ChatGPT" ilə apardığı yazışmaları məhkəməyə təqdim etməsi olub. İttiham tərəfi bildirib ki, təqsirləndirilən şəxs süni intellektə yanğın təsvirləri yaratdırıb, "Niyə mən daim bu qədər əsəbiyəm?" kimi suallar verib və varlıların dünyanı məhv etməsi barədə şikayətlərini chatbot ilə bölüşüb. Həmçinin, onun "ChatGPT"-dən siqaret kötüyü səbəbindən yaranan yanğına görə məsuliyyət daşıyıb-daşımayacağını soruşduğu ekran görüntüləri də sübut kimi göstərilib.
Münsiflər heyəti niyə qərar verə bilmədi?
Məhkəmə prosesi gözlənilməz sonluqla yekunlaşıb. Münsiflər heyəti 10-2 nisbətində müdafiə tərəfinin xeyrinə səs verib və yekdil qərarın olmaması səbəbindən hakim işi dayandıraraq məhkəmənin nəticəsiz qaldığını elan edib. CBS LA-ya açıqlama verən münsiflərdən biri "ChatGPT" yazışmalarının heç bir cinayəti sübut etmədiyini bildirib.
Münsif qeyd edib ki, özü də tez-tez "ChatGPT" ilə ünsiyyətdə olur və bu süni intellekt alətindən istifadənin şəxsin xarakterindəki qüsuru göstərdiyi iddiası onu narazı salıb. Bu hadisə süni intellektlə aparılan dialoqların hüquqi müstəvidə sübut kimi qəbul edilməsinin nə dərəcədə etibarlı olması ilə bağlı müzakirələrə yol açıb.






