"CarNewsChina" nəşrinin məlumatına görə, Çinin "BYD" avtomobil istehsalçısı Almaniyanın Drezden şəhərində yerləşən "Volkswagen" zavodunun yarısını almaq üçün danışıqlar aparır. 2002-ci ildə inşa edilən və həm yığım müəssisəsi, həm də sərgi mərkəzi kimi fəaliyyət göstərən bu şüşə zavod ötən ilin sonunda bağlanıb. "BYD" bu obyektdə Avropa bazarı üçün nəzərdə tutulan elektromobillərin yerli yığımını təşkil etməyi hədəfləyir. Yerli hökumət isə zavodun qalan hissəsini 50 milyon avro dəyərində investisiya layihəsi çərçivəsində innovasiya mərkəzinə çevirmək niyyətindədir.
Hazırda "BYD" Avropa İttifaqında satılan bütün avtomobillərini Çindən idxal edir və bu maşınlara 27 % həcmində ümumi gömrük rüsumu tətbiq olunur. Şirkət rüsumlardan qaçmaq üçün Türkiyə və Macarıstanda yeni müəssisələr inşa edir. Bununla yanaşı, Almaniya bazarında iştirak "BYD" üçün iqtisadi deyil, daha çox simvolik əhəmiyyət daşıyır. Qeyd edək ki, mart ayında Almaniyada bu markanın 3438 avtomobili satılıb ki, bu da ötən illə müqayisədə 327 % çoxdur.
"Volkswagen" rəhbərliyi bu həftə Avropadakı boş qalan istehsal güclərinin Çin şirkətləri tərəfindən istifadə edilməsinin məntiqli addım olduğunu etiraf edib. Avropa avtomobil nəhəngi qlobal istehsal həcmini ildə 12 milyon ədəddən 9 milyon ədədə qədər azaltmağı planlaşdırır. "Volkswagen"in Avropadakı müəssisələrinə "BYD" ilə yanaşı, Çinin "MG" ("SAIC") və "Xpeng" markaları da maraq göstərir. Xatırladaq ki, "Volkswagen" artıq "Xpeng"in 5 % səhminə sahibdir və şirkətlər Çin bazarı üçün ortaq modellər hazırlayırlar.






