Almaniyanın avtomobil istehsalçısı "BMW" maliyyə göstəricilərinin pisləşməsi və investorların etimadının azalması səbəbindən strateji dəyişikliklərə başlayır. Şirkət xərcləri azaltmaq məqsədilə Almaniyada təxminən 8000 iş yerini ixtisar etməyi planlaşdırır. Bu addım "Volkswagen" və "Mercedes-Benz" kimi digər nəhənglərin oxşar qənaət tədbirlərinə qoşulmaq kimi qiymətləndirilir.
Süni intellekt şirkəti necə xilas edəcək?
"BMW"-nin yeni strategiyasının mərkəzində süni intellekt texnologiyalarının tətbiqi dayanır. Şirkət 2027-ci ilin ortalarına qədər idarəetmə strukturlarını və vəzifələrin sayını 20% azaltmağı hədəfləyir. Süni intellektin bu prosesdə qərar qəbul etmə sürətini artıracağı və əməliyyat səmərəliliyini optimallaşdıracağı gözlənilir. Baş icraçı direktor Milan Nedeljkoviç qeyd edib ki, bu, sadəcə xərclərə qənaət proqramı deyil, həm də şirkətin gələcək rəqabətə uyğunlaşmasıdır.
Bazar dəyişiklikləri və gələcək hədəflər
Şirkət 2028-ci ilə qədər avtomobil biznesinin rentabelliyini 3-5% səviyyəsinə çatdırmağı, 2030-cu illərin əvvəllərində isə bu göstəricini 8-10%-ə yüksəltməyi planlaşdırır. Hazırda rentabellik cəmi 2,3% təşkil edir. Məhsul strategiyasına uyğun olaraq, Avropa bazarı üçün büdcəli elektromobil, ABŞ bazarı üçün isə yeni lüks yolsuzluq avtomobili hazırlanacaq. Çin bazarında isə yerli tərəfdaşlarla əməkdaşlıq gücləndiriləcək və istehsalın lokallaşdırılmasına üstünlük veriləcək.






