"BMW" şirkəti yeni "Marvel" filmi ilə əməkdaşlıq çərçivəsində avtomobillərin idarəetmə panelində reklam bannerləri yerləşdirməyə başlayıb. 27 iyul tarixindən 10 avqust tarixinə qədər davam edəcək bu kampaniya, 70-dən çox ölkədə 2020-ci ilin iyulundan sonra istehsal olunmuş və müvafiq proqram təminatı ilə təchiz edilmiş modelləri əhatə edir.
Reklamın üzərinə kliklədikdə, avtomobilin daxilində musiqi və işıq şousu ilə müşayiət olunan "Spider-Man" animasiyası işə düşür. Əgər sürücü reklama dərhal baxmaq istəməzsə, həmin kontent əyləncə sistemində xüsusi bir tətbiq kimi saxlanılır. "BMW" bu addımı "geniş brend tərəfdaşlığı" kimi qiymətləndirsə də, istifadəçilər pulla aldıqları avtomobildə reklam görməkdən narazıdırlar.
Bu vəziyyət xüsusilə "BMW Group"-un baş vitse-prezidenti Stephan Durach-ın daha əvvəl avtomobillərdə reklam nümayiş etdirməyəcəkləri barədə verdiyi vədlə ziddiyyət təşkil edir. Daha əvvəl "Stellantis" şirkətinin də "Jeep", "Ram" və "Chrysler" modellərində oxşar reklam təcrübələri tətbiq etdiyi məlumdur. Lakin "BMW" kimi lüks seqmentdə fəaliyyət göstərən bir brendin bu addımı atması, şirkətin daha əvvəl qızdırılan oturacaqlar üçün aylıq abunəlik haqqı tələb etməsi kimi mübahisəli qərarlarını xatırladıb.






