"Belkin" şirkəti batareya texnologiyasında yeniliyə imza ataraq, ilk dəfə yarımkeçirici (semi-solid-state) elementlərlə təchiz olunmuş enerji banklarını bazara çıxarıb. "BoostSolid Cell" adlandırılan bu texnologiya, ənənəvi litium-ion batareyalardakı maye elektrolitə əlavə olunan xüsusi gel təbəqəsi sayəsində qurğuların istismar müddətini üç dəfəyə qədər artırır.
Yeni texnologiyanın əsas üstünlükləri arasında həddindən artıq qızma riskinin azalması və yanğın təhlükəsizliyinin yüksəldilməsi yer alır. Bu batareyalar geniş temperatur diapazonunda sabit enerji ötürmə qabiliyyətinə malikdir. Bahalı olmasına baxmayaraq, uzunömürlülük faktoru bu cihazları daha sərfəli investisiyaya çevirir.
Seriyanın daha kiçik modeli olan "UltraCharge Pro Slim Magnetic Power Bank 5K Qi2 15W", 69,99 ABŞ dolları qiymətinə təklif olunur. 5000 mAh tutumlu bu cihaz 15W simsiz enerji ötürmə qabiliyyətinə malikdir və maqnit vasitəsilə smartfonların arxasına bərkidilir. USB-C portu vasitəsilə isə 22,5W gücündə enerji təmin edə bilir.
Daha böyük tutumlu "UltraCharge Pro Power Bank 10K 60W" modeli isə 89,99 ABŞ dollarına satılır. 10 000 mAh tutuma malik bu cihaz, 60W-a qədər sürətli enerji ötürmə gücü təqdim edir. Cihazın üzərində enerji səviyyəsini, çıxış gücünü və daxili temperaturu göstərən xüsusi displey də mövcuddur.






