Almaniyanın "BASF" kimya nəhənginin "TrinamiX" bölməsi ABŞ-ın Texas ştatının federal məhkəməsində "Apple" şirkətinə qarşı iddia qaldırıb. İddiaya görə, "Apple" 2017-ci ildə "iPhone X" modellərində təqdim etdiyi "Face ID" biometrik autentifikasiya sistemində "TrinamiX"-ə məxsus yeddi patenti qanunsuz şəkildə istifadə edib. Bu texnologiya sonradan "iPhone 15", "iPhone 16", "iPhone 17" və "iPad Pro" kimi qurğularda da tətbiq olunub.
Mübahisənin kökündə nə dayanır?
"TrinamiX" şirkəti artıq on ildir ki, yüksək dəqiqlikli üz tanıma texnologiyaları üzərində işləyir. Şirkət nümayəndələri bildirirlər ki, onların hazırladığı həllər fotoşəkillər və ya maskalar vasitəsilə aldadıla bilən köhnə metodlardan fərqli olaraq, insan dərisi və digər materialları dəqiq analiz edə bilir. "BASF" iddia edir ki, "Apple" bu patentlərin mövcudluğundan xəbərdar olub və şirkətə ciddi maddi ziyan vurub.
Nə üçün bu iddia vacibdir?
"BASF"-in tədqiqatları 2010-cu ildə üzvi günəş elementləri üzərində işləyərkən başlayıb və sonradan 3D obyektləri tanıya bilən kameraların yaradılmasına gətirib çıxarıb. 2014-cü ildə yaradılan "TrinamiX" hazırda dünya üzrə 800-dən çox patentə sahibdir. İndi isə "BASF" məhkəmədən müvafiq təzminatın ödənilməsini və "Apple"-ın mübahisəli texnologiyalardan istifadəsinə tam qadağa qoyulmasını tələb edir.






