"Asus" şirkəti Intel 600, 700 və 800 seriyalı ana platalarında tək 32 bitlik alt kanala malik DDR5 HUDIMM yaddaş modulları ilə təcrübələr aparır. Bu barədə "Asus ROG" tədqiqat və inkişaf qrupunun üzvü Bing Lin məlumat verib. O, yeni konsepsiyanın ROG Maximus Z890 Apex ana platasında necə işlədiyini nümayiş etdirib. Qeyd edək ki, bu yaddaş növünün ilkin konsepsiyası daha əvvəl "ASRock" şirkəti tərəfindən təqdim edilmişdi.
Bing Lin-in sözlərinə görə, nümayiş zamanı hər biri 24 QB olan iki modifikasiya edilmiş DDR5 yaddaş modulundan istifadə olunub. Hər bir modul yalnız bir alt kanalla məhdudlaşdırıldığı üçün sistem ümumi yaddaş həcmini 48 QB əvəzinə 24 QB olaraq göstərib. Mütəxəssis həmçinin eyni platformada işləyən 8 QB tutumlu təkkanallı "TeamGroup" modulunu da sınaqdan keçirib. Əvvəllər o, modulun bir hissəsini maskalayaraq və BIOS-da kanalların yarısını söndürərək oxşar ideyanı yoxlasa da, bu dəfə xüsusi olaraq hazırlanmış tək 32 bitlik alt kanallı DIMM modulu test edilib.
Standart DDR5 yaddaş modulu iki müstəqil 32 bitlik alt kanala bölünür. "ASRock" tərəfindən patentləşdirilmiş HUDIMM texnologiyası isə yalnız bir 32 bitlik alt kanaldan istifadəni nəzərdə tutur. Şirkət nümayəndələrinin bildirdiyinə görə, bu yanaşma moduldakı mikrosxemlərin sayını yarıya qədər azaldır. Nəticədə, məhsuldarlıqla yanaşı, istehsal xərcləri və istehlakçılar üçün son qiymət də aşağı düşür. Layihənin inkişaf etdirilməsində "TeamGroup" şirkəti tərəfdaş kimi çıxış edir.
"Intel" şirkətinin vitse-prezidenti Robert Hallock bu konsepsiyanı dəstəklədiyini bildirib. Lakin "Asus" rəqiblərindən fərqli olaraq, hələlik yalnız bu yaddaş növü üzərində işlədiyini təsdiqləyir. Şirkətin yaddaş istehsalçıları ilə əməkdaşlıq edib-etməyəcəyi və ya LGA 1851 platformasında bu dəstəyi tam tətbiq edəcəyi məlum deyil. Nümayiş üçün məhz bahalı ROG Maximus Z890 Apex platasının seçilməsi isə onun yalnız iki operativ yaddaş yuvasına malik olması və bu cür testlər üçün daha uyğun sayılması ilə əlaqələndirilir.






