"ArXiv" platformasının kompüter elmləri bölməsinin rəhbəri Thomas Dietterich bildirib ki, məqalədə böyük dil modellərinin (LLM) generasiya etdiyi məzmunun yoxlanılmamasına dair təkzibedilməz sübutlar aşkar edilərsə, müəlliflər 1 il müddətinə bloklanacaq. Cəza müddəti bitdikdən sonra isə onların yeni məqalələri yalnız nüfuzlu rəyçilər tərəfindən təsdiqləndikdən sonra qəbul ediləcək. "X" sosial şəbəkəsində edilən paylaşıma görə, müəlliflər məzmunun necə yaradılmasından asılı olmayaraq, ona görə tam məsuliyyət daşıyırlar.
Təkzibedilməz sübutlara süni intellektin uydurduğu istinadlar və ya "burada 200 sözlük xülasə var, dəyişiklik etməyimi istəyirsiniz?" kimi LLM meta-şərhləri daxildir. Thomas Dietterich "404Media" nəşrinə açıqlamasında qeyd edib ki, müəlliflərin qərardan şikayət etmək hüququ var. Yeni siyasət yalnız aşkar sübutlar olduqda tətbiq ediləcək və cəza verilməzdən əvvəl moderator problemi sənədləşdirməli, bölmə rəhbəri isə onu təsdiqləməlidir.
Xatırladaq ki, ötən il "ArXiv" süni intellektlə yaradılmış keyfiyyətsiz məzmunların qarşısını almaq üçün siyasətini yeniləmişdi. Həmin vaxtdan etibarən kompüter elmləri üzrə icmal məqalələrinin yalnız konfrans və ya jurnallarda qəbul edildikdən sonra dərcinə icazə verilir. Platforma nümayəndələri bunu böyük dil modellərinin elmi dəyəri olmayan mətnləri asanlıqla kütləvi şəkildə istehsal etməsi ilə əlaqələndirmişdilər.






