"Apple" şirkəti özünün yenilənmiş "iPad Mini" planşetini təqdim edib. Yeni model 8,5 düymlük OLED displey ilə təchiz olunub və əvvəlki nəsil ilə müqayisədə 24 faiz daha nazik çərçivələrə malikdir. Cihazın qalınlığı cəmi 5,4 mm təşkil edir ki, bu da onu sələflərindən daha yüngül və kompakt edir.
Yeni "iPad Mini"-nin texniki göstəriciləri arasında 1200 nit pik parlaqlıq və 1 nit minimum parlaqlıq səviyyəsi diqqət çəkir. Qurğu "A20 Pro" çipi ilə təchiz edilib ki, bu da cihazda süni intellekt modellərinin işlədilməsinə imkan verir. Bu yenilik "Siri"-nin səs tonu və sürətinin tənzimlənməsi kimi yeni funksiyaları dəstəkləyir.
Cihazın səs sistemi də əhəmiyyətli dərəcədə təkmilləşdirilib. "Acoustic Display" texnologiyası sayəsində ekranla inteqrasiya olunmuş xüsusi vuferlər daha güclü bas səsləri təmin edir, korpusdakı tviterlər isə yüksək tezlikli səslərin daha aydın eşidilməsinə şərait yaradır. Bundan əlavə, 12 MP-lik ön kamera artıq planşetin uzun kənarına yerləşdirilib ki, bu da landşaft rejimində videozəngləri daha rahat edir.
Yeni "iPad Mini" suya və toza davamlılığı təmin edən IP67 sertifikatına sahibdir. Wi-Fi modeli 699 ABŞ dolları, Wi-Fi və mobil şəbəkə dəstəkli modeli isə 849 ABŞ dollarından başlayan qiymətlərlə satışa çıxarılır. 28 oktyabr tarixində ilkin sifarişləri başlayacaq cihaz, 6 noyabr tarixindən etibarən istifadəçilərə çatdırılacaq.






