"Apple" şirkətinin tanınmış analitiki Mark Qurman-ın "Bloomberg" üçün verdiyi məlumata görə, qarşıdan gələn "Apple Watch Series 12" və "Apple Watch Ultra 4" modellərində ciddi dizayn dəyişiklikləri gözlənilmir. Şirkət bu ilki yeniləmələrdə daha çox daxili texniki göstəricilərin təkmilləşdirilməsinə diqqət yetirir. Bununla belə, "Series 12" xəttində keramika korpuslu versiyanın geri qayıtması ehtimalı yüksəkdir. "Apple" artıq ağ və tünd boz rəngli keramika korpusları sınaqdan keçirir.
Performans və sağlamlıq funksiyaları necə təkmilləşəcək?
Yeni modellərin əsas üstünlüyü onların hesablama gücündə olacaq. "Series 11" və "Ultra 3" modellərində istifadə olunan "S10" çipi yerini daha yeni "S11" və ya daha üstün versiyaya verəcək ki, bu da bir neçə ildən sonra "Apple Watch" seriyasında ilk ciddi performans artımı deməkdir. Cihazlar həmçinin sağlamlıq və fiziki aktivliyin izlənilməsi sahəsində daha geniş imkanlar təqdim edəcək.
Hazırda "Apple" ürək döyüntülərini gün ərzində fasiləsiz izləyən yeni funksiyanı sınaqdan keçirir. Şirkət "Sağlamlıq" və "Fitnes" tətbiqlərindəki göstəricilərin sayını artıraraq, "Whoop" və "Oura" kimi populyar platformalarla rəqabət aparmağı hədəfləyir. Qeyd edək ki, bu il "Apple Watch SE 4" modelinin buraxılışı nəzərdə tutulmur və şirkətin daha köklü dizayn dəyişiklikləri üzərində işi hələ bir-iki il davam edəcək.






