"Apple" şirkəti uzun müddətdir üzərində işlədiyi smart eynək layihəsini ictimaiyyətə təqdim etməyə hazırlaşır. Mark Gurman-ın verdiyi məlumata görə, cihazın rəsmi anonsu 2026-cı ilin iyun ayında keçiriləcək WWDC konfransında baş tutacaq, satışa çıxarılması isə 2027-ci ilin sonuna planlaşdırılır.
Şirkətin bu gecikməsinin əsas səbəbi kimi məxfilik siyasətinin və istifadəçi təhlükəsizliyinin mükəmməlləşdirilməsi göstərilir. "Meta" şirkətinin smart eynəklərinin gizli foto və video çəkiliş imkanları ilə bağlı yaratdığı mübahisələr fonunda, "Apple" öz reputasiyasını qorumaq üçün ciddi addımlar atır.
"Apple" məxfiliyi necə qoruyacaq?
Mənbələrə görə, "Apple" üz tanıma texnologiyası və ya "Meta"-nın "super sensing" funksiyası kimi daim aktiv qalan qeydiyyat sistemlərindən imtina edəcək. Bunun əvəzinə, bütün məlumatların emalı birbaşa cihazın daxilində (on-device) aparılacaq və istifadəçi qeydləri süni intellekt modellərinin təlimində istifadə olunmayacaq.
Bundan əlavə, şirkət kamera funksiyası olmayan və ya yalnız sensor məqsədləri üçün istifadə edilən, foto və video çəkməyə imkanı olmayan xüsusi versiyalar üzərində də işləyir. Bu yanaşma, "Apple"-ın süni intellekt dəstəkli "AirPods" qulaqlıqları üçün nəzərdə tutulan texnologiyalarla oxşarlıq təşkil edir.





