"Apple" şirkəti onlayn mağazasından 256 GB yaddaşa malik və 599 ABŞ dolları dəyərində olan "Mac Mini" modelini çıxarıb. Bu qərardan sonra cihazın ən ucuz versiyasının başlanğıc qiyməti 799 ABŞ dolları olub. Yeni baza modeli 512 GB daxili yaddaş və M4 prosessoru ilə təchiz edilib.
Bu dəyişiklik "Apple" rəhbəri Tim Kukun gələcək aylarda Mac məhsullarına təsir edəcək çip qıtlığı barədə xəbərdarlığından dərhal sonra baş verib. O qeyd edib ki, İyun ayına qədər əsas tədarük məhdudiyyətləri bir neçə Mac modelində hiss olunacaq.
"Biz düşünürük ki, "Mac Mini" və "Mac Studio" modellərində tələb-təklif balansının yaranması bir neçə ay çəkə bilər,"- deyə Kuk bildirib. O həmçinin əlavə edib ki, "OpenClaw" kimi süni intellekt agentləri ilə işləmək istəyən istifadəçilərin sayəsində bu cihazlara gözləniləndən daha yüksək tələbat yaranıb.
Qlobal yaddaş qıtlığı "Apple" üçün ciddi çətinliklər yaradır. Tim Kukun sözlərinə görə, şirkət gələcəkdə yaddaş xərclərinin əhəmiyyətli dərəcədə artacağını gözləyir və bu, biznesə artan təsir göstərə bilər. Süni intellektin inkişafı ilə əlaqədar yaranan operativ yaddaş (RAM) qıtlığı bütün dünyada təchizatçıları çətin vəziyyətə salıb.
Nəticə etibarilə, bir çox cihaz istehsalçıları ya məhsullarının qiymətini qaldırır, ya da müəyyən modellərin satışını tamamilə dayandırırlar. Xatırladaq ki, "Apple" Mart ayında 512 GB RAM-a malik "Mac Studio" modelinin satışını dayandırmışdı. Bununla yanaşı, şirkət yeni "MacBook Air" və "MacBook Pro" modellərinin də başlanğıc qiymətlərini artırıb.






