Texnologiya nəhəngi "Apple", kreditlə və ya hissəli ödənişlə alınan cihazların ödəniş gecikdikdə bloklanacağı və ya funksiyalarının məhdudlaşdırılacağı ilə bağlı yayılan şayiələri təkzib edib. Bu açıqlama, "iOS 27"-nin beta versiyasında aşkar edilən və maliyyə tərəfdaşlarına cihazı "məhdudlaşdırılmış rejimə" (Restricted Mode) keçirməyə imkan verən "App Managed Features" funksiyası ilə bağlı müzakirələrdən sonra verilib.
"Apple"-ın nümayəndəsi Brayan Bamberi (Brian Bumbery) "The Verge" nəşrinə göndərdiyi məktubda bildirib ki, "Apple Upgrade" proqramı çərçivəsində istifadəçilərin cihazlarına heç bir proqram məhdudiyyəti tətbiq olunmayacaq. Sözügedən proqram "Klarna" servisi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və istifadəçilərə "iPhone", "iPad", "Mac" və "Apple Watch" məhsullarını faizsiz hissəli ödənişlə əldə etməyə imkan verir.
"Klarna"-nın nümayəndəsi Kler Nordstrom (Clare Nordstrom) isə qeyd edib ki, ödənişlərin gecikməsi halında tətbiq ediləcək tədbirlər cihazın funksionallığı ilə deyil, birbaşa lizinq müqaviləsi ilə tənzimlənir. Əgər müştəri ardıcıl olaraq üç ödənişi gecikdirərsə, şirkət lizinq müqaviləsini ləğv edə və qalan borcun tam ödənilməsini tələb edə bilər. Beləliklə, "Apple" cihazın proqram təminatı vasitəsilə bloklanması ehtimalını tamamilə aradan qaldırıb.






