"Apple" şirkəti qlobal miqyasda müşahidə olunan RAM çatışmazlığı fonunda uğurlu maliyyə nəticələri nümayiş etdirib. Şirkətin cümə axşamı açıqlanan üçüncü rüb hesabatına görə, "iPhone" satışları 22 faiz artaraq 54,25 milyard ABŞ dollarına, "Mac" satışları isə 29 faiz artaraq 10,35 milyard ABŞ dollarına çatıb.
Yaddaş qıtlığının 2027-ci il və sonrasına qədər davam edəcəyi proqnozlaşdırılır. Bu səbəbdən "Apple" iyun ayında "Mac", "iPad" və digər cihazlarının qiymətlərini artırıb. Xüsusilə, mart ayında bazara çıxarılan və yüngül dizaynı ilə seçilən "MacBook Neo"-nun qiyməti 599 dollardan 699 ABŞ dollarına yüksəldilib.
Tim Kuk vəzifəsini tərk edir
Bu hesabat Tim Kuk-un rəhbərliyi altında şirkətin sonuncu maliyyə hesabatı kimi tarixə düşür. 1 sentyabr tarixində Tim Kuk vəzifəsindən ayrılacaq və onun yerini "Apple"-ın aparat mühəndisliyi üzrə vitse-prezidenti John Ternus tutacaq. Kuk mətbuat açıqlamasında şirkətin bütün coğrafi seqmentlərdə və məhsul kateqoriyalarında rekord göstəricilərə çatdığını vurğulayıb.
Gələcək planlar və "iPhone 18"
Analitiklər "iPhone 18" modellərinin payızda təqdimatı zamanı qiymətlərin 200 ABŞ dollarınadək arta biləcəyini proqnozlaşdırırlar. Yeni cihazlarla birlikdə "Apple" daha fərdiləşdirilmiş "Siri" süni intellektini istifadəyə verəcək. Həmçinin, şirkət istifadəçilərə "iPhone", "iPad", "Apple Watch" və "Mac" cihazlarını aylıq ödənişlə icarəyə götürməyə imkan verən yeni proqramını elan edib.





