Apple şirkəti özünün yeni “Home Collection” seriyasını təqdim edərək smart ev bazarındakı mövqeyini gücləndirib. LG Electronics və Schneider Electric ilə əməkdaşlıq çərçivəsində hazırlanan bu cihazlar “HomeView” adlı yeni smart displey və Siri süni intellekt dəstəyi ilə idarə olunur.
Kolleksiyaya daxil olan LG smart qıfılı 349 ABŞ dolları qiymətinə təklif edilir və Apple Home Key texnologiyası sayəsində UWB vasitəsilə əllə toxunmadan açılma imkanı yaradır. Bundan əlavə, 249 ABŞ dolları dəyərində olan LG video qapı zəngi 2.5K təsvir ölçüsündə iki kamera və hərəkət sensorlu işıqlandırma sistemi ilə təchiz edilib.
Təhlükəsizlik kameraları seqmentində isə LG-nin 199 ABŞ dolları qiymətində olan daxili kamerası və Apple-ın iki fərqli xarici kamerası yer alır. Xarici kameraların 399 ABŞ dolları dəyərində olan modeli hərəkətlə aktivləşən projektorlara sahibdir, 299 ABŞ dolları qiymətindəki versiya isə işıqlandırma funksiyası olmadan satışa çıxarılır.
Smart evlərin idarə olunması üçün nəzərdə tutulan LG və Schneider Electric termostatları 199 ABŞ dolları qiymətinə təqdim olunur və Matter standartını dəstəkləyir. Bütün bu yeni cihazlar “HomeView” displeyi və ya “iPhone” kimi digər Apple məhsulları vasitəsilə mərkəzləşdirilmiş şəkildə idarə edilə bilir.






