Portativ konsollar və emulyatorlar istehsalçısı olan "Anbernic" şirkəti fırlanan ekranlı yeni Android əsaslı "RG Rotate" oyun cihazını elan edib. Kvadrat dizayna malik olan bu cib qadceti, ölçüsünü kiçiltməyə imkan verən xüsusi mexanizmi ilə diqqət çəkir. Cihaz klassik "Game Boy" modelinin bənzəri kimi çıxış edir və sadə idarəetmə paneli ilə təchiz olunub.
Şirkətin yayımladığı tanıtım videosunda konsolun ekranının "uzunömürlülük üçün qurulmuş, öz istehsalları olan ultra-nazik ərinti menteşəsi" vasitəsilə fırlandığı göstərilir. Hətta "Nintendo" kimi nəhəng şirkətlərin belə hərəkətli hissələrin davamlılığında çətinlik çəkdiyini nəzərə alsaq, bu yeni menteşə dizaynının nə qədər dözümlü olacağı maraq doğurur. Xatırladaq ki, "Anbernic" bu ilin əvvəlində ürək döyüntüsünü ölçən simsiz kontroller də təqdim etmişdi.
Hazırda "RG Rotate" modelinin texniki xüsusiyyətləri barədə dəqiq məlumatlar yoxdur, lakin gövdənin alüminium və ABS plastikdən hazırlandığı məlumdur. Qadcetin idarəetmə sistemi qatlanan "RG35XXSP" modelinə bənzəyir; burada yalnız D-pad və dörd əsas düymə yer alır. Konsolun ən diqqətçəkən xüsusiyyəti isə hündürlüyü tənzimlənən L2 və R2 çiyin düymələridir. Cihazın buraxılış tarixi açıqlanmasa da, yaxın vaxtlarda satışa çıxarılacağı gözlənilir.






