"AMD" şirkəti ilk dəfə olaraq özünün məşhur "3D V-Cache" texnologiyasını kommersiya iş stansiyaları üçün nəzərdə tutulmuş "Ryzen PRO 9000" seriyalı prosessorlarına inteqrasiya edir. İndiyədək əsasən oyunçular üçün hədəflənən bu çiplər, son illərdə yaradıcı tapşırıqların icrasında da əhəmiyyətli dərəcədə təkmilləşib. Şirkətin məlumatına görə, yenilənmiş texnologiya simulyasiya, renderinq və real vaxt rejimində vizuallaşdırma kimi mürəkkəb, məlumat tutumlu iş yükləri üçün xüsusilə faydalı olacaq.
Ötən il "Ryzen 9 9950X3D" modelinin sınaqları zamanı mütəxəssislər onu həm oyun, həm də yaradıcı tapşırıqlar üçün ən yaxşı prosessor adlandırmışdılar. Qeyd edilmişdi ki, bu model "Ryzen 7 9800X3D" ilə müqayisədə yaradıcı iş yüklərini böyük ölçüdə yaxşılaşdırır. İndi isə bu üstünlüklər birbaşa peşəkar iş stansiyalarına yönəldilir. Lakin "AMD" bildirir ki, "3D V-Cache" texnologiyası yalnız seçilmiş modellərdə mövcud olacaq.
"Zen 5" arxitekturası əsasında qurulan genişləndirilmiş "Ryzen PRO 9000" seriyası 6-dan 16-ya qədər nüvə və 12-dən 32-yə qədər axın təklif edir. Yeni çiplər həmçinin 256 GB-a qədər "EEC DDR5" yaddaşını və "PCIe 5.0" standartını dəstəkləyir. Prosessorların 2026-cı ilin ikinci yarısında bazara çıxarılması planlaşdırılır. Bu çiplərlə təchiz ediləcək ilk cihazlardan biri olan "Lenovo ThinkStation P4" modelinin isə 2026-cı ilin üçüncü rübündə təqdim ediləcəyi gözlənilir.






