"AMD" şirkətinin hesablama və qrafika şöbəsinin rəhbəri Cek Huynh "X" platformasında etdiyi açıqlamada, "FSR 4.1" miqyaslandırma texnologiyasının köhnə qrafik kartlara gələcəyini bildirib. Plana əsasən, bu yenilik iyul ayında "RDNA 3" qrafik prosessorları üçün istifadəyə veriləcək, 2027-ci ilin əvvəlində isə "RDNA 2" çiplərini əhatə edəcək. Bu genişlənmə sayəsində "Steam Deck" kimi cihazlar da yeni texnologiyadan yararlana biləcək.
Bu yay təqdim ediləcək yenilənmə "Radeon RX 7000" seriyalı çip sahiblərinə "Cyberpunk 2077", "Battlefield 6" və "Assassin’s Creed Shadows" daxil olmaqla 300-dən çox dəstəklənən oyunda "AMD"-nin miqyaslandırma texnologiyasına çıxış imkanı verəcək. Xatırladaq ki, şirkət "FSR 4.1" yenilənməsini ilk dəfə mart ayında "Radeon RX 9000" seriyalı qrafik kartlar üçün təqdim etmişdi. Süni intellektlə işləyən bu texnologiya performansı artırmaqla yanaşı, daha kəskin vizual effektlər və rəvan oyun təcrübəsi təqdim edir.
"RDNA 3" çipləri "FSR 4.1"-i işə salmaq üçün tələb olunan xüsusi avadanlıqla təchiz edilmədiyi üçün şirkət modeli köhnə qrafik prosessorlarda işlətmək məqsədilə onu diqqətlə tənzimləməli və optimallaşdırmalı olub. Cek Huynh bu prosesi belə izah edib:
"Görüntülərin kəskin olmasını və hər şeyin qüsursuz işləməsini təmin etmək üçün yüzlərlə oyunda və yüzlərlə fərdi kompüter konfiqurasiyasında sınaqlar keçirdik."






