"AMD" şirkəti oyun performansını artırmaq üçün nəzərdə tutulan "FSR 4.1" texnologiyasının dəstəklənən cihazlar siyahısını genişləndirir. Yeniləmə artıq bu gündən etibarən "Radeon RX 6000" seriyalı qrafik kartları, eləcə də "Ryzen AI Max 300" və "400" seriyalı, həmçinin "Ryzen AI 9 300" və "400" seriyalı cihazlar üçün təqdim edilib. İstifadəçilər bu yenilikdən faydalanmaq üçün "Adrenalin Edition 26.10.1" drayverlərini yükləməlidirlər.
"FSR 4.1" hansı oyunlarda və cihazlarda işləyir?
Yeni texnologiya "Cyberpunk 2077", "Battlefield 6" və "Assassin’s Creed Shadows" kimi 300-dən çox oyunda məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmağı vəd edir. "AMD"-nin kompüter və qrafika qrupunun rəhbəri Jack Huynh bildirib ki, şirkət "Sony" ilə birgə hazırlanan "Project Amethyst" işlərini təkmilləşdirərək daha çox oyunçuya çatdırmağı hədəfləyir.
"Xbox" istifadəçilərini nə gözləyir?
"Xbox"-un texniki direktoru Scott Van Vilet qeyd edib ki, "AMD" ilə sıx əməkdaşlıq oyun tərtibatçılarına vizual keyfiyyəti yüksəltmək üçün yeni imkanlar yaradır. "Xbox Series S" kimi daha aşağı gücə malik konsollarda "FSR 4.1"-in performansa ciddi təsir göstərəcəyi gözlənilir. Hələlik konsollar üçün dəqiq tarix açıqlanmasa da, texnologiyanın yaxın vaxtlarda istifadəyə veriləcəyi bildirilir. Gələcəkdə "Project Helix" və "FSR Diamond" layihələri ilə oyun təcrübəsinin daha da təkmilləşdirilməsi planlaşdırılır.






