"Amazon" şirkətinin cihazlar və xidmətlər üzrə rəhbəri Panos Panay yeni smartfon istehsalı ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib. "Financial Times" nəşrinə müsahibə verən rəsmidən şirkətin yenidən telefon bazarına daxil olub-olmayacağı soruşulub. O, bu suala birmənalı şəkildə "yox" deməyin yanlış anlaşıla biləcəyini, lakin hazırda əsas hədəflərinin ənənəvi smartfon istehsal etmək olmadığını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl "Amazon" şirkətinin "Transformer" kod adlı yeni cihaz üzərində işlədiyi barədə məlumatlar yayılmışdı. İddialara görə, bu layihə həm ənənəvi smartfon, həm də sadə telefon dizaynlarını əhatə edir. Cihazın əsas xüsusiyyətinin isə "Alexa Plus" süni intellekt köməkçisi olacağı gözlənilir. Bu xəbərlər şirkətin uğursuz "Fire Phone" təcrübəsindən 10 ildən çox vaxt keçdikdən sonra ortaya çıxıb.
Panos Panay smartfonların gələcəyi ilə bağlı fikirlərini bölüşərək, növbəti 10 il ərzində bu cihazların formasının ciddi transformasiyaya uğrayacağını qeyd edib. O, şirkətin tamamilə yeni formalı süni intellekt əsaslı geyinilə bilən cihazlar üzərində işlədiyini vurğulayıb. Rəsminin sözlərinə görə, "Amazon" ənənəvi bir telefon əvəzinə, fərqli istifadəçi təcrübəsi təqdim edən innovativ qadcetlər inkişaf etdirməyə diqqət ayırır.
Ekspertlərin fikrincə, şirkətin ehtiyatlı davranması keçmişdəki uğursuzluqlarla bağlıdır. Belə ki, həm "Amazon" şirkətinin "Fire Phone" layihəsi, həm də Panos Panay-ın "Microsoft" şirkətində çalışarkən təqdim etdiyi "Surface Duo" gözləntiləri doğrultmamışdı. Buna görə də, texnologiya nəhənginin standart smartfon bazarına tələsik qayıtmaq əvəzinə, süni intellektə əsaslanan alternativ həllər axtardığı ehtimal olunur.






