Bazar ertəsi edilən elana əsasən, "Amazon" şirkətinin yenilənmiş "Alexa Plus" süni intellekt asistenti artıq demək olar ki, istənilən mövzuda podkastlar yarada bilər. Şirkətdən bildirilib ki, istifadəçi sadəcə mövzunu təqdim edir və asistent süni intellekt aparıcılarının nədən danışacağı barədə qısa xülasə verir. Bu isə epizodun yaradılmasına başlamazdan əvvəl söhbəti istiqamətləndirməyə və onun uzunluğunu tənzimləməyə imkan yaradır.
"Amazon" tərəfindən paylaşılan "Alexa Podcast" nümunələrində iki süni intellekt aparıcısı Roma imperiyasının tarixi, yeni musiqilər və Dünya Kuboku ilə bağlı gözləntilər haqqında danışır. Həmçinin, asistentdən Apollon missiyaları haqqında səsli dərslər və ya fotoqrafiya kimi yeni hobbilər barədə podkast epizodları yaratmağı xahiş etmək mümkündür. Qeyd edək ki, bu xüsusiyyət "NotebookLM" və bu yaxınlarda "Microsoft Edge" brauzerinə əlavə edilmiş süni intellekt podkastı yaratmaq imkanlarına bənzəyir.
Süni intellekt tərəfindən yaradılan podkast epizodları məlumatları şirkətin tərəfdaşlıq etdiyi 200 xəbər nəşrindən, o cümlədən "Reuters", "Associated Press", "Washington Post", "Vox" və "Politico" kimi mənbələrdən əldə edəcək. Xatırladaq ki, "Amazon" fevral ayında "Alexa Plus"ı ABŞ-dakı bütün istifadəçilərin ixtiyarına verib və o vaxtdan bəri asistenti öz onlayn bazar platformasına inteqrasiya edib.
Epizod hazır olduqdan sonra istifadəçinin "Echo Show" cihazına və "Alexa" tətbiqinə bildiriş göndərilir. Epizodu dinləmək üçün sadəcə bildirişə toxunmaq, həmçinin ona "Echo Show" ekranındakı "Music and More" bölməsindən və ya "Alexa" tətbiqi vasitəsilə daxil olmaq mümkündür.






