"AM4" platformasının on illik yubileyi şərəfinə "AMD" şirkəti əfsanəvi prosessorunu yenidən istifadəçilərə təqdim edib. Hindistanın "99 Deals" pərakəndə satış mağazasında "Ryzen 7 5800X3D AM4 10th Anniversary Edition" modeli satışda görünüb. Məlumata görə, xəbər dərc edilən zaman mağazada qutulu versiyada yalnız bir ədəd prosessor qalmışdı.
Yeni yubiley prosessorunun qiyməti 30 000 Hindistan rupisi (təxminən 310 ABŞ dolları) təşkil edir. Bu çip aprel ayında sızdırılan məlumatlardakı modelin tam özüdür və orijinal "Ryzen 7 5800X3D" ilə eyni texniki xüsusiyyətləri bölüşür. Prosessor 16 virtual axını dəstəkləyən səkkiz "Zen 3" nüvəsi ilə təchiz edilib. Onun baza tezliyi 3,4 GHz, maksimal tezliyi isə 4,5 GHz-ə çatır.
Çip 96 MB L3 keş yaddaşına (o cümlədən "3D V-Cache") malikdir və nominal istilik ayrılması (TDP) 105 Vt səviyyəsindədir. Cihaz üzərində "10th Anniversary Edition" loqosu olan xüsusi yubiley qablaşdırmasında alıcılara çatdırılır. Qeyd edək ki, "AMD" bu modelin rəsmi qiymətini və hansı ölkələrdə satılacağını hələlik açıqlamayıb.
Xatırladaq ki, orijinal "Ryzen 7 5800X3D" prosessoru 2022-ci ilin aprelində 449 ABŞ dolları qiymətinə buraxılmışdı. Bu, "AMD" şirkətinin əlavə "3D V-Cache" keş yaddaş texnologiyasını dəstəkləyən ilk masaüstü prosessoru idi. Yüksək oyun performansı sayəsində o, qısa müddətdə populyarlıq qazanaraq bir çox oyun sistemlərinin əsas elementinə çevrilmişdi.






