"Alienware" şirkəti bazara yeni və daha sərfəli qiymətə malik AW2726DM modelli QD-OLED monitorunu çıxarıb. 27 düymlük bu ekran 2560 x 1440 (QHD) təsvir ölçüsü, HDR dəstəyi və 240Hz kimi yüksək yenilənmə tezliyi təklif edir. Cihazın ən diqqətçəkən xüsusiyyəti isə onun cəmi 349,99 ABŞ dolları dəyərində olmasıdır. Adətən bu cür yüksək göstəricilərə malik oyun monitorlarının qiyməti 500 ilə 900 ABŞ dolları arasında dəyişir.
Qiyməti aşağı salmaq üçün "Alienware" bəzi əlavə funksiyalardan imtina edib. Monitorda xarici RGB işıqlandırma və ya ənənəvi parlayan yadplanetli loqosu yoxdur. Qoşulma imkanları isə yalnız iki ədəd HDMI 2.1, bir ədəd DisplayPort 1.4 və 3.5 mm qulaqlıq girişindən ibarətdir. Cihazda USB portları, KVM keçidi və işıqlandırma olmadığı üçün "Alienware Command Center" tətbiqinin dəstəyi də mövcud deyil.
Bütün bu ixtisarlara baxmayaraq, AW2726DM istifadəçilərə hündürlüyü, əyilməni və dönməni tənzimləməyə imkan verən erqonomik altlıqla təchiz edilib. Bundan əlavə, "Dell" şirkəti bu model üçün ekranda yarana biləcək yanma (burn-in) hallarına qarşı 3 illik zəmanət təqdim edir. Jurnalistlərin iştirak etdiyi tədbirdə "Doom: The Dark Ages" oyunu ilə nümayiş olunan bu cihaz, OLED texnologiyasının kütləviləşməsi istiqamətində mühüm addım hesab olunur.






