Qida çatdırılma nəhəngi "DoorDash" cari ilin ikinci rübündə 970 milyon sifariş emal edərək 4,5 milyard ABŞ dolları gəlir əldə edib. Lakin "Bites" adlı kiçik startapın bazara girişi bu sahədə ciddi dəyişikliklərin xəbərçisi ola bilər. "Bites" restoranlara daha aşağı qiymətlərlə və cəmi 1 ABŞ dolları məbləğində sabit xidmət haqqı ilə birbaşa sifariş qəbul etmək imkanı təklif edir.
Süni intellekt və "DoorDash" problemi
Texnologiya şirkətləri gələcəkdə insanların tapşırıqları yerinə yetirən "süni intellekt agentləri" ilə işləyəcəyini vəd edir. Bu, istifadəçilərin tətbiqlərə və veb-saytlara daxil olmadan birbaşa böyük dil modelləri (LLM) vasitəsilə sifariş verməsi deməkdir. Belə bir ssenari "Amazon", "Uber" və "DoorDash" kimi platformaların istehlakçı ilə birbaşa əlaqəsini kəsərək, onların reklam və yüksək komissiya gəlirlərinə ciddi zərbə vura bilər.
Restoranlar niyə yeni modeli dəstəkləyir?
Restoran sahibləri "DoorDash"-in 15-30 faiz civarında olan yüksək komissiya haqlarından narazıdırlar. "Bites" isə birbaşa sifariş mexanizmi ilə restoranların gəlirliliyini artırır. Restoran sahibi Jay Jayaraman bildirir ki, "Bites"-ə keçdikdən sonra onun gəlirləri artıb və müştəri məlumatlarına birbaşa çıxış əldə edib. "DoorDash" isə restoranlara müştəri məlumatlarını verməməklə tənqid olunur.
Bazar liderinin reaksiyası
"DoorDash" avqust ayında restoranlara xəbərdarlıq məktubları göndərərək, onların "Bites" platformasında razılıq olmadan siyahıya alındığını iddia edib. Lakin bir çox restoran sahibi bunu bazar liderinin rəqabətdən qorxması kimi qiymətləndirir. "Bites"-in həmtəsisçisi Matt Maloney hesab edir ki, çatdırılma platformalarının hazırkı qiymət strukturu artıq köhnəlib və süni intellekt dövründə bu cür vasitəçilərə ehtiyac azalır.






